Az    |     Ru    |     En
      

Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

 

Yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

 

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bie istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

 

Hazırda yenidənqurma işləri yolun 12 km-lik hissəsində aparılır. Layihəyə uyğun olaraq burda mövcud örtük sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır.  Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edir. Yaxın müddət ərzində analoji işlərin yolun qalan 7 km-lik hissəsində də aparılması nəzərdə tutulur.

 

Yol boyu  mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılamsı, boru başlıqlarının dəmir-betonla tikilməsi nəzərdə tutulur. Həmçinin Qaraçay üzərində yerləşən mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə nəzərdə tutulmuş işlərdəndir.

 

Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görüləcək, yol birləşmələri təmir ediləcək, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidiləcək.  Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.

 

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 60-a yaxın texnika cəlb olunub.

 

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

 

Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.

01.04.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin