Az    |     Ru    |     En
      

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol infrastrukturu layihələri icra olunur,  vətəndaşların rahat gediş gəlişinin təmin olunması üçün avtomobil yoları yenidən qurulur, qəzalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilirərək əhalinin istifadəsinə verilir. Təbii ki, bu işlər ölkənin iqtisadi qüdrətinin bir göstəricisidir.

 

Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə  bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

 

Bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

 

Məlumat verilib ki, 3 aşırımlı  körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu  isə 500 metr təşkil edir.

 

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

 

Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən  istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.

 

Geniş təmir işlərinin bir hissəsi olaraq  hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılmışdır. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilmişdi.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də  yanaşma plitələri yenidən inşa edilib.

 

Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib."Layihəyə uyğun olaraq körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz edilib.

 

Bundan başqa körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub və boşalan bütün bolt-qaykalar yenidən bərkidilib, həmçinin aşırım qurğularının oturacaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.    

 

Layihəyə uyğun olaraq körpünün yanaşma yolları da asfaltlanıb, hər iki tərəfdə suaxıdan beton küvetlər tikilib və işıqlanma dirəkləri quraşdırılıb.

 

Təmir-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti  norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

18.03.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin