Az    |     Ru    |     En
      

 Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun müddət əsaslı şəkildə yenidən qurulmadan və təmir edilmədən istismar olunan Bakı şəhərinin qəsəbədaxili yollarında aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.  

 

Binəqədi rayonu üzrə yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində növbəti bu cür addım 28 May qəsəbəsində atılır. 28 May qəsəbəsində yenidən qurulan yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

“10 minə yaxın vətəndaşın yaşadığı qəsəbənin yolları torpaq əsaslı olduğu üçün gediş-gəlişdə xüsusən yağıntılı günlərdə problemlər yaranırdı. Yolların yenidən qurulması ilə 1.4 km-lik hissədə rahat gediş-gəliş təmin olunacaq. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikasının köməyi ilə bunun üçün addımlar atılır.“

 

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

 

Hazırda lazımi qarışıqdan istifadə olunmaqla yeni yol əsası inşa edilir, çiyin hissələr bərkidilir. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də start verilib. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

 

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.

 

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun  olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır.

27.02.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin