Az    |     Ru    |     En
      

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illər prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

 

Yenidən qurulan bu cür yollardan biri də 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun 15 km-lik hissəsidir.

 

Sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

 

Respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun 0-10 km-lik hissəsi uzun illər  təmir olunmadan  istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdir. Çiyinlərdəki  materiallar atmosfer yağıntıları nəticəsində  yuyulmağa məruz qaldığından çiyinlər aşağı səviyyəyə düşmüşdür.

 

Bundan başqa yolun bəzi hissələrində  torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan  dağılmalar və çökmələr əmələ gəlmişdir.Bu səbəbdən də yolun torpaq yatağının  qaldırılmasına  zərurət yaranmışdır.

 

Yaranmış problemlərin aradan qaldırılması üçün avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.

 

Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının  40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla  qazılaraq çıxarılıb. Qazılmış hissələrin  yenidən bərpası  və tələb olunan hissələrdə  yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kub.m həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub.m  torpaq yatağının tikintisi işləri aparılıb.

 

Texnoloji ardıcıllığa uyğun olaraq 120 min kv.m sahədə ümumi hündürlüyü 46 sm olan  karxana çınqılı materialından əsasın alt ,optimal-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri aparılıb.  Hazırda isə yolun sözügedən hissəsində iri dənəli asfalt –beton qarışığı ilə 8 sm hündürlüyündə örtüyün alt və 7 sm hündürlüyündə örtüyün orta layının, həmçinin hündürlüyü  5 sm olan xırda dənəli asfalt-beton qarışığından  yol örtüyünün aşınma layının tikintisi işləri aparılır.

 

Layihəyə uyğun olaraq yolun çiyin hissələri 20 sm hündürlüyündə karxana çınqılı və optimal çınqıl materialı ilə bərkidilib, yol birləşmələri 720 kv.m sahədə təmir olunub.

 

Bundan başqa mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətə düşdüyündən və  boruların başlıq hissələri dağıldığından  yenidən təmir olunmasına ehtiyac var idi. Bu üzdən yol boyu köhnə metal və beton borular sökülərək əvəzinə diametri 1000 mm olan 134 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb, boru başlıqları monolit dəmir-betonla tikilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 300 mm diametrində 120 paqon-metr uzunluğunda yeni metal borular quraşdırılıb. 

 

Anoloji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 km-lik hissəsində də aparılır. Yolun hərəkət hissəsinin eni 13.5-19.0 metr arası dəyişən bu hissədə asfalt-beton örtükdə aşınmalar, tor şəkilli çatlar əmələ gəlmişdir.


Layihəyə uyğun yolun yenidən qurulması zamanı 86 min kv.m sahədə mövcud asfalt-beton örtüyünün frez maşını ilə profilə salınıb, 15 min kub.m həcmdə yolun deformasiyaya uğramış hissələri qazılıb çıxarılıb, ardınca 35 min kv.m sahədə ümumi hündürlüyü 45 sm olan karxana çınqılı və optimal-çınqıl qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb.

 

Texnoloji ardıcıllığa uyğun olaraq bu hissədə də hazırda asfaltlanma işləri görülür. Belə ki, 86 min kv.m sahədə iri dənəli asfalt-beton qarışığı ilə hündürlüyü 15 sm olan örtüyün alt və orta layının, həmçinin 5 sm xırda dənəli asfalt-beton qarışığından yol örtüyünün üst layının tikintisi işləri aparılır.


Yolun bu hissəsində piyada səkilərinə döşənmiş tamet daşlarının və beton səki daşlarının bəziləri sınmış və çökərək istismara yararsız olduğundan sökülərək 18 min pm uzunluğunda yeni beton səki daşının düzülməsi  və səkilərin üzərinə 3 min kv.m tamet daşlarının döşənməsi işləri görülüb.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Layihə çərçivəsində yolun 1,7 və 14-cü km-liklərində yerləşən 48, 21, 22.5 və 19 metr uzunluqlara malik 4 mövcud körpünün məhəccərləri  sıradan çıxmış, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız  vəziyyətə  düşdüyündən sözügedən körpülərdə təmir işləri də aparılır. Artıq yolun 1-ci və 7-ci km-də yerləşən 48 və 21 metr uzunluğa malik  iki körpüdə yeni körpü məhəccərləri quraşdırılıb, köhnə dəmir-beton gediş tavası və təkərqaytaranlar sökülərək monolit dəmir betonla yeniləri inşa edilib və asfaltlanma işləri aparılıb.”

 

Respublika əhəmiyyətli və III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun  avtomobil  yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5.3 km olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət 3 km-lik Şəfəq qəsəbəsinin daxilindən keçən və 2.3 km-lik ziyarətgaha gedən yoldan gedir.

 

Hər iki avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan köhnə asfalt-beton örtük dağılaraq yararsız vəziyyətə düşmüşdür. Bərpa işləri ilə bu problem aradan qaldırılır. Aparılan bərpa işləri çərçivəsində yararsız asfalt-beton və qara örtük mexanizmlə söküləcək, torpaq yatağının  deformasiyaya uğramış hissələri  qazılaraq çıxarılacaq, təbii  karxana çınqılı  materialından  torpaq yatağının təmiri işləri aparılacaq. Ardınca karxana çınqılı materialı və optimal-çınqıl  qarışığından əsasının alt və üst layının, həmçinin iri və xırda dənəli asfalt-beton qarışığından ibarət  yol örtüyünün alt və aşınma layının tikintisi işləri görüləcək.

 

Bundan başqa mövcud yararsız suötürücü borular yenisi ilə əvəz ediləcək, kommunikasiya xətləri üçün ehtiyyat borular quraşdırılacaq.  

 

Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10   km göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə Beyləqan rayonu ərazisində 20.3 km-lik avtomobil yollarında aparılan yenidənqurma işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

18.01.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin