Az    |     Ru    |     En
      

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Birinci Fəvvarələr küçəsinin açılışında iştirak ediblər.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. Ümumilikdə, 2018-ci ildə 550 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib.

 

“Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib.


Sonra Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.


“Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri – çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.

24.12.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin