Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

 

İdarə Heyyətinin sədri 2018-ci ilin 9 ayı ərzində  prezident İlham Əliyevin birbaşa dəstəyi, qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı  istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib. O, ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, prezident İlham Əliyevin 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu xatırladıb.

 

Saleh Məmmədov qeyd edib ki, prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 452.1 km olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə  uzunluğu 107,8 km olan 13 və uzunluğu 1534.9 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması nəzərdə tutulur. Bu isə 702 yaşayış məntəqəsində yaşayan 2.7 milyon nəfər əhalinin 2050 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsinin təmin edilməsi deməkdir.

 

İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, 2018-ci ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü də təmir edilib. Bundan əlavə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb.

 

İdarə Heyyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi, 834  min nəfər əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edərək, onların 1223 km uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verib.

 

İclas zamanı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamları ilə Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunmuş şəxslərə fəxri ad, orden və medallar təqdim olunub.

 

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir qrup əməkdaşına agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq dövlət başçısının fərmanı ilə təsis edilmiş “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, həmçinin fəxri diplom və mükafatlar təqdim edilib.

 

 

23.11.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin