Az    |     Ru    |     En
      

Noyabrın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

 

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

 

Daha sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

 

Yubiley tədbiri iclas zalında davam etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan avtomobil yollarının tarixindən və son illər respublika yollarının təmiri, bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Saleh Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görülüb.

 

S.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib. Təkcə bu ilin 9 ayında 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.

 

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, yol təsərrüfatında daha ciddi uğurların əldə olunması isə ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. Respublika iqtisadiyyatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsini, bərpasını və yenidən qurulmasını zərurətə çevirib. Yol təsərrüfatında görülən işlər müstəqilliyimizi bərpa etdikdən sonra da davam etdirilib. Ümummilli lider Heydər Əliyev “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirib. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artıb, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrilib.

 

Sədr ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması Prezident İlham Əliyevin iqtisadi siyasətində də diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirilib ki, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, avtomobil yollarının istismarı, tikintisi və təmiri, eyni zamanda, yolların qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi dönüş yaranıb. Qəbul olunan proqramlar çərçivəsində Bakıda, habelə digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb. Azərbaycanın nəqliyyat potensialı daha da gücləndirilib.

 

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və paytaxtın 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir.

 

Onun sözlərinə görə, ölkəmizin yol təsərrüfatının inkişafında mühüm nəticələr qazanılıb. Bunu beynəlxalq reytinq agentliklərinin hesabatları da təsdiqləyir. Belə ki, Dünya İqtisadi Forumunun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan 2018-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 34-cü yerdə qərarlaşıb.

 

Tədbirdə Azərbaycan avtomobil yollarının 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

 

Yubiley tədbirində Türkiyə, Rusiya, Gürcüstan, İran, Belarusiya, İsveçrə, Koreya, Çin, Yunanıstan və digər ölkələrdən rəsmi şəxslər, həmçinin nüfuzlu beynəlxalq şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

16.11.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin