Az    |     Ru    |     En
      

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər çərçivəsində Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşası üçün hazırlıq işlərinə başlanılıb.

 

Yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.

 

Bundan əlavə sözügedən kəsişmədə  yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək  həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq.

 

Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək.

 

Tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılacaq. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.

02.10.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin