Az    |     Ru    |     En
      

Azərbaycanda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması ilə yanaşı, ölkənin əsas yolları da müasir səviyyədə yenidən qurulur. Görülən işlər yüksək keyfiyyətlə, həm də qısa müddətdə icra olunur.

 

Həyata keçirilən yol layihələri avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verir. Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir. Bu istiqamətdə icra olunan layihələrdən biri də Lənkəran-Lerik avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

 

55 km uzunluğa malik Lənkəran-Lerik avtomobil yolunun hərəkət hissəsində təbiət hadisələri, həmçinin ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində sürüşmə xarakterli deformasiyalar, dağılmalar və qabarmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Üstəlik kənd təsərrüfatının və turizmin inkişafına da mənfi təsir göstərirdi. Bu üzdən dövlət başçısının sərəncamına əsasən sözügedən avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verilib.

Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

 

Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə  yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.

 

Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə artıq asfaltlanmaya da start verilib. Həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq  2 laydan ibarət  iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.

 

Lənkəran-Lerik  avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Bunun üçün xüsusi qrup qrunt əraziyə gətirilərək yayılacaq və kipləşdiriləcək, avtoqreyderlə küvetlər açılacaq, həmçinin dəmir-beton küvetlər inşa ediləcək.

 

Bundan başqa yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyası da nəzərdə tutulub.  

 

İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib. İnşaat işləri mövcud tikinti norma v qaydalarına uyğun şəkildə aparılır.

 

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq,  mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq,  yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Lənkəran-Lerik avtomobil yolu rayonlar arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu tədbirlərin əsas məqsədi isə təbii ki, vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.

 

03.09.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin