Az    |     Ru    |     En
      

Prezident İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.

 

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir. İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

 

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

Bu cür layihələrin icrası ümumilikdə kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına töhfə verir, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. Avtomobil yolunun inşası 1200 əhalisi olan 4 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.

 

Sonda xatirə şəkli çəkdirildi.

27.08.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin