Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan  olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.

 

Tədbirdən öncə Dövlət Agentliyinin rəhbərliyi və kolektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Dövlət Agentliyinin əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə tər güllər düzüblər.

 

Daha sonra tədbir cəmiyyətin akt zalında ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilib.

 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov  müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar,  neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açıb:

“Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində  bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Bu gün həmin islahatların nəticəsidir ki,  ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub. Yol infrastrukturuna dair  yüksək əhəmiyyət daşıyan layihələr həyata keçirilib,  yeni yollar, körpülər salınıb. Bir sözlə Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.

 

Bununla yanaşı İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açaraq çıxışını yekunlaşdırıb.

10.05.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin