Az    |     Ru    |     En
      

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq layihələrin işlənilməsi, əsas nəqliyyat arteriyaları hesab olunan və uzun müddət əsaslı şəkildə təmir olunmayan prospekt və küçələrin bərpası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm addımlar atılır.

 

Bu çərçivədə Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır. Belə ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

 

Sözügedən hissə Nəriman rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri - Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir. Küçənin bu ərazisındə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 28 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib.

 

Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.

 

Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub.

 

Küçənin qalan 2.4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir. Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 2.9 km uzunluğunda yeni su xətləri, 1.5 km uzunluğunda isə yeni qaz xətləri çəkilib, mövcud rabitə xətləri yenilənib, yol boyu 6.5 km uzunluğunda yeni səki daşı düzülüb. Ümumilikdə isə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

 

Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.

 

25.04.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin