Az    |     Ru    |     En
      

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.

 

Bu layihələr çərçivəsində Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Yolun uzunluğu 33 km-dir və 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

 

Avtomobil yolu uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq sadalanan problemlər aradan qaldırılıb. Çünki yol boyu torpaq işləri bitən ərazilərin asfaltlanması işləri aparılır.

 

Yolun 7 km-lik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür.

 

Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.

 

Bundan başqa avtomobil yolunun müxtəlif  hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 670 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.

 

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.4 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Həmçini yol boyu istismara yararsız körpü məhəccərləri kəsilərək əvəzinə yeniləri quraşdırılır.

 

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 220 ədəd yol nişanı və məlumatverici lövhə, 450 ədəd isə siqnal dirəkləri quraşdırılacaq, 97 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə, ordan da M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.

 

30.03.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin