Mikayıl Əliyev küçəsinin bir hissəsi yeni görkəmdə

17 Noyabr 2015- 00:00
11 Mikayıl Əliyev küçəsinin bir hissəsi yeni görkəmdə

         “Azəryolservis” ASC tərəfindən Nizami rayonu Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

 

         Küçənin sözügedən hissəsində təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə  “Azəryolservis” ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində həyata keçirilib. Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında aparılan işlər yüksək keyfiyyətlə görülərək, tərtib olunmuş qrafikə uyğun olaraq vaxtında yekunlaşdırılıb.

 

        Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. 2 qat olmaqla küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyu müasir işıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.

             

        Sözügedən ərazidə səth suların normal kənarlaşdırılması üçün yağış-kanalızasiya sistemi olmadığından yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, küçədə “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

 

        Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların da təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemin də həll edilməsi istiqamətində cəmiyyət tərəfindən müvafiq addımlar atılıb. Belə ki, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb.

 

         “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Hazırda Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən dairənin asfalt-beton örtüyünün və səki daşlarının yenilənməsi istiqamətində işlər aparılır.

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO