Dairədə hərəkət qısa müddətlik məhdudlaşdırılır

13 Noyabr 2015- 00:00
11 Dairədə hərəkət qısa müddətlik məhdudlaşdırılır

         Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

 

        Məhdudlaşdırma dairədə “Azəryolservis” ASC tərəfindən aparılacaq təmir işləri ilə bağlıdır. Təmir işləri çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək. İşlərin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.

 

         Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə  “Azəryolservis” ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində Nizami rayonu Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.

 

         Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat olmaqla küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.

             

        Küçə boyu səth suların normal kənarlaşdırılması üçün yağış-kanalızasiya sistemi olmadığından yolun hərəkət hissəsinə yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu və nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədirdi. Artıq bu problem də öz həllini tapıb. Belə ki, təmir-tikinti işlərinin aparıldığı hissədə  “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalızasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

 

        Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların da təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemin də həll edilməsi istiqamətində cəmiyyət tərəfindən müvafiq addımlar atılıb. Belə ki, küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb. 

 

        Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş qrafikə əsasən  “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə,   “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.