Az    |     Ru    |     En
      

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yol ötürücüləri tikilib və ya əsaslı şəkidlə bərpa olunub. Hal-hazırda da bu çərçivədə işlər yüksək keyfiyətlə davam etdirilir. Yenidənqurma işlərinin davam edərək yekunlaşdığı yollardan biri də Qax-Zaqatala yoludur.

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması yekunlaşır, yol boyu son tamamlanma işləri görülür.

 

Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir.

 

Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir.

 

Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib.

 

Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli  52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə en kəsiyi 2,5 x 4 m olan mal-heyvan keçidi tikilib.

 

Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23.2 m və Süzgənc çay üzərində uzunluğu 46 m olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, MuxaxLekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb.

 

Hazırda yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m uzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının  tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılır. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması isə yaxın müddət ərzində aparılaraq yekunlaşdırılacaq.

 

Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq. 

 

30.01.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin