Paytaxtın daha bir prospektində müasir yol infrastrukturu yaradılır

15 Yanvar 2018- 14:04
11 Paytaxtın daha bir prospektində müasir yol infrastrukturu yaradılır

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Babək prospektinin yenidən qurulması işlərinə start verib.

 

Prospektin uzunluğu 9.2 km, eni isə 24 m təşkil edir. 3 gediş və 3 gəliş olmaqla hərəkət zolaqlarının sayı 6-dır.

 

Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı.

 

Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurulacaq. Prospekt boyu piyada səkiləri bərpa olunacaq və yeniləri tikiləcək, köhnə səki daşları yenisi ilə əvəzlənəcək. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulacaq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını, o cümlədən ticarət və iaşə obyektlərinin qarşısında avtomobillərin dayanmasını təmin etmək məqsədi ilə xüsusi “cib”li hissələrin tikintisi nəzərdə tutulub.  

 

Bütün işlər “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işlərinin 2018-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.