Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb - VİDEO / FOTO

5 Noyabr 2017- 17:43
11 Binəqədi şossesinin asfaltlanması işlərinə başlanılıb - VİDEO / FOTO

Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib.

 

Hazırda “Azəravtoyol” ASC tərəfindən yolun asfaltlanması işləri aparılır.

 

Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir.

 

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür.

 

Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

 

Bundan başqa avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.

 

Xatırladaq ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb.

 

Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.

 

Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.

 

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.