Sel suları nəticəsində çökmüş körpünün yerində yenisi inşa olunacaq FOTO

15 Sentyabr 2023- 13:22

Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. 

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. 

Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılacaq.

Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub. 

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.