M3 magistral avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsi yenidən qurulur VİDEO/FOTO

13 Mart 2023- 14:26

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular,  suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.

Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla  yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.

Layihə üzrə 4 körpünün inşası davam edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda  yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.  

YOLUNUZ AÇIQ OLSUN...