Xaçmaz rayonunda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulur VİDEO/FOTO

7 Mart 2023- 10:03

Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci km-dən ayrılan Hülövlü- Sərkərli- Alıcqışlaq- Qədimalıqışlaq- Rəhimova avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir. Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 

Qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 10 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcək.

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

Torpaq işlər bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 10 km-lik hissəsində asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan yenidənqurma işlərindən sonra layihəyə uyğun avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 10 yaşayış məntəqəsində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq

YOLUNUZ AÇIQ OLSUN...