Güclü küləyin təsirindən magistral yolda yaranan problem aradan qaldırılıb VİDEO/FOTO

12 Yanvar 2023- 14:27

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı şəhəri istiqamətində) gecə saatlarında başlayan güclü külək nəticəsində yolun hərəkət hissəsi tamamilə qar ilə örtülmüşdür. Qısa müddət ərzində küləyin təsirindən hərəkət tam olaraq məhdudlaşmışdı.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat daxil olan kimi dərhal əraziyə xüsusi təyinatlı texnikalar cəlb olunaraq yolun qardan təmizlənməsinə start verilmişdir. Çətin hava şəraitinə baxmayaraq yol qısa müddət ərzində qardan təmizlənmiş və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur

Güclü külək gecədən səhər saatlarınadək davam etdiyi üçün ərazi boyunca xüsusi təyinatlı texnikaların köməyi ilə yolun hərəkət hissəsinin təmizlənməsi istiqamətində işlər faziləsiz olaraq aparılmışdır. Gecə boyunca və səhər saatlarında görülmüş tədbirlər nəticəsində yol boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunmuşdur

Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. Hər-hansı problem yarandıqda qısa müddət ərzində onun həlli istiqamətində müvafiq addımlar atılacaq

YOLUNUZ AÇIQ OLSUN...