“Çağrı Mərkəzi”nin yenidən təşkili və "QR kod"un tətbiqi ilə bağlı təqdimat keçirilib VİDEO/FOTO

22 Dekabr 2022- 14:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı Mərkəzi”nin yenidən təşkili və "QR kod"un tətbiqi ilə bağlı təqdimatı keçirilib.

Təqdimatı giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlərin həyata keçirildiyini bildirib. 

İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, Agentlikdə yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidən qurulması istiqamətində yeniliklər tətbiq edilir, bu istəqamətdə müasir texnologiyaların imkanlarından geniş istifadə edilir. 

Bununla yanaşı ölkədə aparılan islahatlara yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında də işlər davam etdirilir.

2022-ci il ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentliyin fəaliyyətinin daha çevikməqsədyönlü həyata keçirilməsi, şəffaflığın təmin edilməsi üçün yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə böyük işlər görülüb və davam etdirilməkdədir.

 Bura agentlikdə müasir metodlarla işçilər arasında keçirilmiş attestasiya, Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları, İşə Qəbul Qaydalarının təsdiqi, Elektron İnformasiya Sistemi AYİS-in yaradılması daxildir.

İdarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Çağrı Mərkəzi”nin (0125997975) yenidən təşkili, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.

Agentlikdə mövcud “Qaynar Xətt”in fəaliyyəti tələblərə cavab vermirdi. Bu üzdən işinin təkmilləşdirilməsinə vətəndaş məmnuniyyətinin təmin olunması üçün göstərilən xidmətin qəbul olunmuş ümumi qaydalar əsasında daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranmışdı.

Daha bir yenilik "QR kod"un yaradılması və tətbiqi ilə bağlıdır. "QR kod"un agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və  təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır

"QR kod" məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin Agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.

Tədbirin sonunda “Çağrı mərkəzi”nin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin Agentliyin "QR kod"un yaradılmasını özündə əks etdirən video təqdimat nümayiş olunub.