Bəzi yük maşınları tərəfindən yol təsərrüfatına ziyan vurulması davam edir VİDEO

16 Dekabr 2022- 16:22

Maye beton daşıyan yük maşınları tərəfindən yol təsərrüfatına ziyan vurulması davam edir. Bu cür hallar əsasən paytaxt ərazisində, yoxuşlu küçə və yollarda qeydə alınır.

Yük daşıma norma və qaydalarına riayət etməyən bəzi məsuliyyətsiz sürücülər yoxuşlu ərazilərdə yük maşınını idarə edərkən maye beton yolun hərəkət hissəsinə tökülür. Bununla həm yol təsərrüfatına ziyan dəyir, yolun asfalt-beton örtüyü yararsız vəziyyətə düşür, həm də digər hərəkət iştirakçıları üçün qəza şəraiti və onların avtomobil yolu ilə təhlükəsiz hərəkətinə maneə yaranır.

Növbəti bu cür hadisə ötən gün gecə saatlarında Baksol yolunun yenicə təmirdən çıxmış hissəsində qeydə alınıb. Yaxınlıqda yerləşən beton zavodundan çıxan və sözügedən yolun yoxuş hissəsində hərəkət edən 99JK337 dövlət nömrə nişanlı maye beton daşıyan yük maşınından asfalt-beton örtüyə beton dağılıb

Təbii ki, sözügedən hadisə nəticəsində yol infrastrukturuna dəymiş ziyan ilə bağlı sənədlər toplanılaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürücünün inzibati qaydada məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunacaq. Bundan başqa inzibati qaydada cərimə olunması üçün bununla bağlı DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə də müraciət hazırlanır.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352-ci maddəsinə uyğun olaraq yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Bir daha yük maşını sürücülərindən məsuliyyətli olmaları, yük daşıma norma və qaydalarına riayət etmələri xahiş olunur.