Nərimanov rayonunda 2 küçə əsaslı təmir olunub FOTO

13 Oktyabr 2022- 15:25

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.  

Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə və uzunluğu 340 metr təşkil edənTələt Şıxəliyev küçələrində aparılan əsaslı təmir işləri yekunlaşıb.  

Ortalama eni 9 metr olan Əliəşrəf Əlizadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5602 kv.m sahədə bərpa olunub, 2827 p/m yeni səki daşları düzülüb.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Eni 7 metr təşkil edən Tələt Şıxəliyev küçəsində sadalanan işlərlə yanaşı, 898 p/m yeni səki daşları düzülüb, 460 kv.m sahədə piyada səkiləri bərpa olunub.

Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. 

Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10.4 km olan küçələr təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...