Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib VİDEO/FOTO

13 Oktyabr 2022- 12:24

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5-ci km-də inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib. 

Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevagentliyin əməkdaşları iştirak ediblər.

Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Xatırladaq ki, bir müddət öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu km-də inşa olunan daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilmişdi. 

Hazırda sözügedən magistral yolun  20.225-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur. 21.4-cü km-lik hissədə isə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...