Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur VİDEO/FOTO

13 Sentyabr 2022- 15:04

Ölkə ərazisində  müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.

Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.  

Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:

- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli və 2.5 km-lik Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib.

- 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri yekunlaşıb. Layihə üzrə nəzərdə tutulan suötürücü boruların inşası son mərhələdə olmaqla yerinə yetirilir. Sözügedən yollarda artıq 16 km ərazidə yeni yol əsasının alt, 5.5 km-lik hissədə isə əsasın üst qatı inşa edilib. 

Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.  

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının  quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 

Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat  gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. 

 

YOLUNUZ AÇIQ OLSUN...