Nərimanov rayonunda Əliəşrəf Əlizadə küçəsi təmir olunur VİDEO/FOTO

12 Avqust 2022- 13:17

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin  icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik  Əliəşrəf Əlizadə küçəsində aparılır. 

Ortalama eni 9 metr olan küçədə aparılan təmir çərçivəsində əraziyə 1360 p/m yeni bordür düzülüb. Hazırda piyada səkilərinin bərpası işləri davam edir.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev  həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prostektində aparılması nəzərdə tutulur. 

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

YOLUNUZ AÇIQ OLSUN...