Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi davam edir VİDEO/FOTO

26 İyul 2022- 09:01

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə aparılan tikinti işləri davam etdirilir. Tikinti işləri nəticəsində mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Qeyd edək ki, yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur. Bu üzdən yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir. 

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə  yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi və düzbucaqlı suötürücülər inşa edilir.  

Layihənin başlanğıcında mövcud yolla kəsişmədə nəzərdə tutulan dairənin və dairədən Muğanlı istiqamətində olan yeni yolun tikintisi davam edir. Bu hissədə ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası icra olunur.

Layihə çərçivəsində ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.  

Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi sement məhlulunun təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri icra olunur. 

Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri aparılır, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri icra olunur. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. 

Bundan başqa layihə üzrə ümumi uzunluğu 4 km-dən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası da davam edir. 

 

YOLUNUZ AÇIQ OLSUN...