İmişli rayonunda 43.5 km uzunluğa malik yollar yenidən qurulur VİDEO/FOTO

3 İyun 2022- 13:49

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  yol infrastrukturu layihələrinin  icrası davam edir.   

İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan  Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolu yenidən qurulur. 

Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi bu yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.

Torpaq əsaslı sözügedən yollar uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. 

Yenidənqurma işlərinə  ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Hazırda bu hissədə torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra yol yatağının, yol əsasının alt və üst layının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. 

Görüləcək işlər çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub. 

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının  quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...