Füzuli-Hadrut, Qubadlı-Eyvazlı yolları və digər yollar bu il istifadəyə veriləcək VİDEO/FOTO

13 Aprel 2022- 09:45
11 Füzuli-Hadrut, Qubadlı-Eyvazlı yolları və digər yollar bu il istifadəyə veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik.

Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da çəkilir.

Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.
***
Avtomobil yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla gedə biləcəyik. Ona görə bu il bu yol istismara verilməlidir.

Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib.İndi sərhəddə rahat xidmət etmək mümkündür.

Davam edən layihələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm. Deməli, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var. İstisu sanatoriyası sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif yerlərindən oraya gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər. Eyni zamanda, əminəm ki, necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə də beynəlxalq səviyyəli kurort yaranacaq. Çünki Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq.”

Bakı, 12 aprel 2022-ci il 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə.