Az    |     Ru    |     En
      

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyədə keçirilən 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edib.

 

Tədbirin əsas müzakirə mövzusunu “COVID-19” pandemiyasından sonrakı qolabal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları olub.

 

Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan tərəfdaşları ilə birlikdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” layihəsi vasitəsilə bu dəhlizə yeni həyat bəxş etdi. Dəhliz hazırda Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, Ukrayna, Bolqarıstan və Rumıniyaya qədər uzanır. 2020-ci ildə pandemiya ilə əlaqədar bütün çətinliklərə baxmayaraq Şərq-Qərb dəhlizi ilə 8,4 milyon ton yük daşınıb.

 

Diqqətə çatdırılıb ki, təkcə son bir neçə ildə Azərbaycan nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. Dünya İqtisadi Forumunun məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerdədir.

 

Tədbir çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Türkiyə Cumhuriyyəti Ulaştırma və Altyapı Bakanlığı Karayolları Genel Müdürü Abdulkadir Uraloğlu ilə görüşü zamanı Türkiyə şirkətlərinin Azərbaycanın yol infrastrukturunun yenidən qurulmasında, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən yol infratsrukturu layihələrində yaxından iştirak etdiklərini vurğulayıb. Söhbət zamanı Türkiyə şirkətləri ilə bu sahədə uğurlu əlaqələrə diqqət çəkilib və qardaş ölkə ilə Azərbaycan arasında bu əməkdaşlığın davam etməsinin əhəmiyyəti qeyd olunub.

 

Qeyd edək ki, 12-ci Nəqliyyat və Rabitə Şurasında 55 fərqli ölkədən nümayəndə heyəti iştirak edib.

13.10.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin