Az    |     Ru    |     En
      

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində sosial-iqtisadi həyatın bütün sahələrinin, eləcə də yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişdir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri dahi şəxsiyyətin bu sahənin tərəqqisinə necə önəm verdiyinin bariz ifadəsidir.


Görkəmli dövlət xadiminin respublikamıza rəhbərliyinin ilk dövründə mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və yenidən qurulması diqqət mərkəzində saxlanılmış, yol təsərrüfatında yeni sənaye sahələri yaradılmış, yolların keyfiyyətini ümumittifaq səviyyəsinə qaldırmaq üçün yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırılmışdır. Bütün bunların nəticəsində isə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5 dəfə, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmış, 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollar asfalt-beton örtüyü ilə əvəzlənmişdir. 


Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxarmış, vətəndaş müharibəsinin qarşısını almış, atəşkəsə nail olmuş və beləliklə, böyük xilaskar missiyasını yerinə yetirmişdir. Eyni zamanda, ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas etmək üçün mühüm tədbirlər həyata keçirmişdir. 


Ümummilli liderin rəhbərliyi ilə o dövrdə köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatında da tənəzzülə son qoyulmuşdur. 


Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci dönəmində, 1993-2003-cü illərdə respublikanın yol təsərrüfatında uğurla reallaşdırılan islahatların bəzi məqamlarını da diqqətə çatdırmaq istərdim. Əvvəlcə isə onu qeyd edim ki, ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan ulu öndər yaxşı bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması, dirçəldilməsi həllini gözləyən ən vacib məsələlərdən biridir. Ona görə də bu sahədə vəziyyət tezliklə nəzarətə götürüldü. Avtomobil yollarının tikintisi, təmiri və saxlanması ilə məşğul olan müəssisələrin sayı artırıldı. Yol təsərrüfatında aparılan struktur islahatları nəticəsində fəaliyyət mexanizmində səmərəliliyə nail olundu. Bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirən Prezident Heydər Əliyevin müvafiq fərmanları ilə “Dövlət Yol Fondunun yaradılması” və “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasının Beynəlxalq avtomobil marşrutlarının Avropa razılaşdırılmasına qoşulması haqqında” qanunlar qüvvəyə mindi. 


Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində yol təsərrüfatında əldə edilmiş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafında önəmli rol oynamışdır. Son 15 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, sosial-iqtisadi inkişafa mühüm təsir göstərən infrastrukturun, o cümlədən avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkələrinin bərpasına xüsusi önəm verilmişdir. 


Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdim. Əvvəlcə xatırladım ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatın inkişafında fədakar əməyi ilə seçilən yol işçilərinin fəaliyyətini yüksək qiymətləndirərək hər il fevralın 22-sinin avtomobil yol işçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında fərman imzalamışdır. 


Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004--2008-ci illər)” çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Xocasən-Lökbatan-Yevlax-Gəncə, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədinədək avtomobil yolları yenidən qurulmuşdur. Bundan başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci, həmçinin 2008-2013-cü illər üçün tədbirlər planlarına müvafiq olaraq paytaxtda 26 yol qovşağı, körpü və 88 piyada keçidi tikilmiş, paytaxtətrafı kənd və qəsəbələrin inkişafını nəzərdə tutan tədbirlər çərçivəsində Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan -Binəqədi dairəvi avtomobil yolunun salınması və yeraltı piyada keçidinin inşası, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisinin birinci hissəsi başa çatdırılmışdır. Böyükşor dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dairəvi-1 avtomobil yollarının yenidən qurulması işləri aparılmışdır.


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 dekabr 2015-ci il tarixli sərəncamı yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə olunmalıdır. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində 4,1 milyon nəfər əhalinin yaşadığı və 1318 yaşayış məntəqəsini birləşdirən uzunluğu 3438,2 kilometr olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri başa çatdırılmışdır. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 29 yeni körpü və 19 piyada keçidi tikilmişdir. Paytaxtda görülən işlərdən danışarkən, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və müxtəlif səviyyəli yol qovşağının inşasını da xüsusi vurğulamaq lazımdır. 


Bütün bu sadalananlar onu göstərir ki, son 15 ildə ölkə rəhbəri möhtərəm ­İlham Əliyev avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, Bakıda, digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. 


Bu dövrdə respublikamızın Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP, Cənubi Qafqaz boru kəmərinin çəkilməsində, Şimal-Cənib, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında aparıcı rol oynaması, nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında fəal iştirakı Azərbaycanın nəqliyyat potensialını gücləndirmiş, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir. Şübhəsiz ki, bu, respublikamızın avtomobil yolları şəbəkəsinin, həmçinin yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilməsinə güclü təkan vermiş, bir sözlə, yol-nəqliyyat sahəsində müasir tələblərə uyğun islahatların davam etdirilməsini zərurətə çevirmişdir. Nəticədə ölkədə yol infrastrukturu daha da müasirləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmış, yol qovşaqları, körpülər tikilmiş və digər modernləşdirmə işləri aparılmışdır. 


Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli müvafiq fərmanı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması da məhz həmin vaxt reallaşdırılan islahatların tərkib hissəsi olmuşdur. Digər tərəfdən, avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmini daha da təkmilləşdirmək, görülən işlərin səmərəliliyini artırmaq qərara alınmışdır. Qarşıya yol, körpü tikintisində keyfiyyətin yüksəldilməsi, layihə işlərinin yaxşılaşdırılması, tikintilərin nəzərdə tutulan vaxtda başa çatdırılması kimi mühüm vəzifələr qoyulmuşdur. 
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və paytaxtın 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir. 2015-ci ildən Dünya Yol Federasiyası, Avropa Yol Assosiasiyası və Avropa Yol Birliyinin üzvü olan agentliyin fəaliyyəti Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısı peşı bayramı münasibətilə yol-nəqliyyat işçilərinin əməyinin qiymətləndirilməsi, onların yüksək dövlət təltifləri, orden, medal və fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Agentlik idarəetmə, məqsəd və layihələr, məsləhət və nəzarət, eləcə də informasiya sistemlərinin yüksək səviyyədə təşkilinə, istifadəsinə görə “Möhtəşəm 5 qitə” beynəlxalq mükafatına, ölkədə yol infrastrukturunun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə “Uğur” milli mükafatına, habelə “Caspian Energy Award” mükafatına layiq görülmüşdür. Azərbaycanla Dünya Bankı arasında inkişafa dair əməkdaşlığın 25 illiyi münasibətilə ölkədə yol şəbəkəsinin və infrastrukturunun yüksək inkişafı üzrə göstərilən töhfələrə görə isə Dövlət Agentliyi “Magistral yol proqramı sertifikatı” ilə təltif edilmişdir. 


Burada mühüm bir uğuru da xüsusi qeyd etmək istərdim. Dünya İqtisadi Forumunun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan bu beynəlxalq qurumun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, yolların keyfiyyəti indeksinə əsasən, 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olmuşdur. Yeri gəlmişkən, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlmişdir.


Dünyanın 140 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. 


Bu sadalanan nailiyyətlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini daha səylə çalışmağa, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verməyə ruhlandırmışdır. 
Dövlət başçısının birbaşa göstərişi ilə kəndlərarası, habelə Bakı şəhəri və ətraf qəsəbələrdəki avtomobil yollarının inşası və yenidən qurulması 2016-cı ildən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunmuşdur. Ötən müddətdə cənab İlham Əliyevin qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində əldə edilən göstəriciləri də diqqətə çatdırmaq istərdim. Belə ki, 2016-cı ildə uzunluğu 880 kilometrlik avtomobil yolları, 14 yeni avtomobil körpüsü tikilmiş, 8-i təmir edilmiş, 700 mindən çox əhalinin yaşadığı və 159 yaşayış məntəqəsini birləşdirən uzunluğu 472,5 kilometr olan 21 kəndlərarası avtomobil yolu salınmışdır. Bu dövrdə Bakı şəhərində 513 mindən çox əhalinin yaşadığı və 14 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası avtomobil yolunun inşası və yenidən qurulması da başa çatdırılmışdır. 


Qeyd edilənlərlə bərabər, 2016-cı ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsi açılmış, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan rayonun ərazisindən keçən 23,4 kilometrlik hissəsi istifadəyə verilmişdir. Çoxdan gözlənilən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün açılışı olmuşdur. Eyni zamanda, uzunluğu 87,8 kilometr olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi istismara buraxılmışdır. 


2017-ci il də paytaxtda və regionlarda yol layihələrinin uğurla reallaşdırılması ilə əlamətdar olmuşdur. Bakının Baş planının icrasının təmin olunması, habelə şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşlışadırlması, abadlıq işlərinin davam etdirilməsi məqsədilə “Sovetski” deyilən sahədə evlərin sökülməsi, ərazinin təmizlənməsindən sonra ilkin mərhələdə 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda, asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılmışdır. 


Ötən il, eyni zamanda, “40 kənd yolu” layihəsinin icrası çərçivəsində mühüm işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına mühüm təsir göstərən bu layihənin gerçəkləşdirilməsinin kənd yollarının tikintisinə və yenidən qurulmasına yönəldilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Layihəyə çərçivəsində respublikanın 34 rayonunda 1 milyon 400 min nəfər əhalinin yaşadığı 423 yaşayış məntəqəsini birləşdirən 52 kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, həmçinin 14 respublika əhəmiyyətli layihənin icrası uğurla reallaşdırılmışdır. 
Ötən il möhtərəm Prezidentimizin təşəbbüsü ilə icra olunan layihələr sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yolun çəkilməsi, Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun 64 kilomterlik hissəsinin bərpası, bununla yanaşı, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 16,5 kilometrlik hissəsinin istifadəyə verilməsi, Pirallahı qəsəbəsini sahillə birləşdirən və uzunluğu 422 metr olan yeni körpünün açılışı da mühüm hadisəyə çevrilmişdir. 


Həmin il Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin 8,6 kilometrliyi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad və 22,2 kilometrlik Lənkəran-Masallı hissələri də istismara buraxılmış, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 46 kilometrlik Cəngi-Bədəlli hissəsi, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun təməlqoyulma mərasimi keçirilmişdir. Ümimilikdə 2017-ci ildə uzunluğu 1335,1 kilometr olan avtomobil yolları, Bakı və ətraf qəsəbələrin bir sıra avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuşdur. Yollarda isə 13 piyada keçidi və 15 yeni körpünün inşası, 9 körpünün isə təmiri başa çatdırılmışdır. 


Bu gün tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısına 2018-ci il üçün qoyduğu vəzifələr də uğula yerinə yetirilmişdir. Ötən dövrdə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26 kilometrlik Aran-Qarağacı və 12 kilometrlik Qarağacı-Bəhramtəpə hissələri, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrliyini əhatə edən Xaçmaz-Xudat hissəsi istismara verilmiş, 22 kilometrlik Dəmirçi-Lahıc avtomobil yolu yenidən qurulmuş, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 24,8 kilometrlik Salyan-Şorsulu hissəsi çəkilmişdir. Bunlardan əlavə, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrinin tikintisi də cari ildə başa çatdırılmışdır. 


Prezident İlham Əliyev bu il 22 kilometrlik Quba-Xaçmaz avtomobil yolu, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun tikintisi layihəsi ilə də tanış olmuşdur.
Xatırladım ki, Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olmaqla bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. 
Burada diqqəti bir mühüm göstəriciyə də yönəltməyi vacib bilirəm. Prezident İlham Əliyev son 2016-2018-ci illərdə 80-ə yaxın avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etmişdir. Bu isə dövlət başçımızın yol infrastrukturuna ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi yanaşdığını, eyni zamanda, vətəndaşların sosial problemlərinin həllinə həssas münasibət bəslədiyini, insanların gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.


Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini diqqətə çatdıran möhtərəm dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir. Bu yollar respublikamızı, həm də daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini şərtləndirir. 

 

Saleh MƏMMƏDOV,
Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi 
İdarə Heyətinin sədri

26.12.2018

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin