Az    |     Ru    |     En
      

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

        

Azərbaycan Respublikası Prezidenti 19 dekabr 2017-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı.

 

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Agentlik:

4.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

4.2. dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.3. işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Ölkə başçısının 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edildi.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

 

01.01.2018-ci il vəziyyətinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1299 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşir.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin