Az    |     Ru    |     En
      

AZƏRBAYCAN AVTOMOBİL YOLLARI - 100 İL

 

Xalqımızın xoşbəxtliyi onun müstəqil və güclü dövlətə malik olmasındadır. Çünki bu müstəqillik hər şeydən əvvəl xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. O da reallıqdır ki, hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından keçir. Ulu öndər Heydər Əliyevin qurduğu təməllər bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafına, onun daha da güclənməsinə xidmət edir. İnfrastruktur sahələrindən biri kimi avtomobil yolu sektoruna irihəcmli investisiyaların yönəldilməsi, bu sahədə uzunmüddətli inkişaf proseslərinin sürətlənməsi, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni yolların çəkilməsi, yenidən qurulması bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə yolu ilə uğurla addımlayır və bu naliyyətin təməlində xalqa, dövlətə və Vətən olan sonsuz məhəbbət dayanır.

 

*****

 

Avropa ilə Asiya arasında körpü olan "Şərqin qapısı" Azərbaycandakı qədim tarix və mədəniyyət bizə əsrlərdən süzülüb gələn zəngin xəzinə qoyub. Bu sərvətin təməl prinsiplərindən biri də Azərbaycanda yol mədəniyyətinin yaranıb formalaşması ilə bağlıdır. Qobustan qayaüstü təsvirləri göstərir ki, əcdadlarımız dənizə qədər yol çəkərək qayıqlardan istifadə ediblər. Albaniya hökmranlığı zamanında yollar artıq böyük və kiçik şəhərləri birləşdirirdi. Uzaq Asiyadan, Çindən, Hindistandan gələn, Qara və Aralıq dənizlərinə çıxan "Böyük İpək Yolu" Azərbaycan şəhərlərinin inkişafında mühüm rol oynayırdı. Qədim ticarət yollarının üzərində Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan kimi şəhərlər, Şəki, Şəmkir, Naxçıvan, Kaburqala və Torpaqqala kimi böyük ticarət mərkəzləri yerləşirdi. Müasir avtomobil yolları da qədim ticarət yolların üstündən keçir. Bakı-Salyan, Bakı-Quba, Bakı-Şamaxı və Bərdə-Gəncə avtomobil yolları qismən həmin qədim yolları təkrarlayır.

 

*****

 

XVII əsrin ikinci yarısından etibarən Azərbaycanda yeni siyasi mühitin yaranması ilə artıq yollara xanlıqlar nəzarət etməyə başlamışdı. Bu yollar xanlıqların ticarət əlaqələrində mühüm vasitəyə çevrilmişdi. Artıq yolların coğrafiyası genişlənir, onlar ölkə hüdudlarını aşaraq xaricə çıxır, bərk örtüklü yollara ehtiyac yaranırdı. XIX əsrin ortalarından Azərbaycanda yol təsərrüfatında yeniliklərin tətbiqinə başlanır. Həmin dövrdə neft hasilatı ilə əlaqədar yol şəbəkəsinin böyük hissəsi Bakı quberniyası ətrafında cəmləşdiyindən yolların rahat və əlverişli olmasını təmin etmək əsas vəzifəyə çevrilmişdi. Bundan əlavə, ölkə üzrə yolların salınması da diqqət mərkəzində idi. 1850-ci ildə Yelizavetpol quberniyasında ilk şosse yolu inşa edilir. Bundan on il sonra Yevlax-Şuşa-Naxçıvan-İrəvan şosse yolu salınır. Artıq 1913-cü ildə Azərbaycandakı şose yollarının uzunluğu 1304 kilometr təşkil edirdi. XX əsrin əvvələrində dünya avtomobil sənayesində baş verən inqilabdan sonra Azərbaycana da yeni yolların çəkilməsi zərurətə çevirildi. 1918-ci ilin statistikasına görə, Azərbaycanda 230 avtomobil var idi və bərk örtüklü yolların uzunluğu 210 kilometr təşkil edirdi.

 

*****

 

1918-ci il mayın 28-də şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması yol təsərrüfatında yeni mərhələ kimi xarakterizə oluna bilər. Müstəqil dövlətin ilk baş naziri Fətəli xan Xoyskinin təşkil etdiyi kabinetdə Xudadat bəy Məlik-Aslanovun başçılıq etdiyi Yollar, Poçt və Teleqraf Nazirliyi də təmsil olunur. Qısa ömrü olsa da Azərbaycan Xalq Cümhuriyyətidövründə yol təsərrüfatının inkişafı ilə bağlı əsaslı tədbirlər görülür, avtomobil yollarının sayı artır, yol tikintisində yeni metodlar tətbiq olunur. 1920-ci ilin aprelində Azərbaycanın sovetlər tərəfindən işğalı yeni tarixi mərhələnin başlanğıcını qoydu, ölkə həyatının bütün sahələri sovetləşmə prosesinə cəlb olundu. Yol təsərrüfatının idarə olunması isə Xalq Komissarları Sovetinin nəzdindəki Şose və Torpaq Yolları İdarəsinə tapşırıldı. 1928-ci ildə avtomobil yollarının tikintisində yol üzərində tozun əmələ gəlməsinin qarşısını alan qudronlaşdırılma metodundan istifadəyə başlandı. Lənkəran-Lerik və Bakı-Şamaxı yolları tikildi, yol təsərrüfatında çalışacaq kadr hazırlığı məqsədilə Bakı Politexnik İnstitutunun nəzdində mühəndis-tikinti fakültəsi yaradıldı. 30-cu illərdə respublika üzrə 4000 kilometrə qədər yol yenidən tikilmişdi və daha uzunömürlü qara örtük tipinə keçilmənin əsası qoyulmuşdu, yollar üzərində körpü və boruların tikintisi geniş vüsət almışdı. Artıq 1940-cı ilin sonuna qədər Azərbaycanda avtomobil yollarının uzunluğu 10850 kilometr təşkil edirdi.

 

*****

 

İkinci Dünya Müharibəsi dövründə Azərbaycanda bütün sahələr kimi, avtomobil yolları da hərbləşdirildi. Bu dövrdə yeni yolların tikintisi dayandırılmadı, körpülər təmir olundu. 1941-1945-ci illərdə 919 kilometr qara-çınqıl örtüklü yollar tikilib istifadəyə verildi. Yardımlı-Deman, Lerik- Kəlvə, Xəzri-Zukul, Qusarçay-Xudat, Bakı-Astara, Culfa-Noraşen, Uzuntala-Qazax-Qırmızı körpü, Bakı-Şamaxı-Gəncə-Ağstafa və digər yollar müharibə illərində istismara buraxıldı. Müharibə başa çatdıqdan sonra respublikada yol təsərrüfatının inkişafı üçün xüsusi proqram hazırlandı. Bu dövr Azərbaycanın yol tarixində qubron və asfalt-beton yolların meydana gəlməsi, bununla əlaqədar olaraq təkmilləşdirilmiş yol şəbəkəsinin inkişafı ilə xarakterikdir. Bu kateqoriyadan olan yolların uzunluğu 1950-ci ildə 1137 kilometrə, on il sonra isə 3250 kilometrə çatırdı, asfalt-beton yolların uzunluğu isə 70 kilometrə qədər artmışdı. Ucar-Zərdab, Hacıqabul-Salyan yolları tikilmiş, çaylar üzərində körpülər salınmışdı, mövcud yollarda bərpa işləri həyata keçirilmişdi. Avtomobillərin çoxalması ilə yollarda yol nişanlarının tətbiqinə başlanmışdı.

 

*****

 

Ötən əsrin 60-cı illəri Azərbaycanda xalq təsərrüfatının sürətli inkişafı ilə müşayiət olunurdu. Bu isə avtomobil yollarında yük dövriyyəsinin artmasına gətirib çıxarmışdı. Həmin dövrdə yol təsərrüfatı ilə bağlı normativ-hüquqi bazanın yaradılması, kadr hazırlığının təşkili bu sahədə mövcud problemlərin tədricən aradan qaldırılmasına yardım etdi. Yol tikintisində asfalt-beton texnologiyasının geniş tətbiqi iqtisadiyyatın digər sahələrində məhsuldarlığın artmasına şərait yaratdı. Lakin yol təsərrüfatında daha ciddi uğurların əldə olunması ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” ideyası ilə bu sahənin inkişafında müstəsna rol oynayan Heydər Əliyevin xidmətləri sayəsində yol tikintisində o dövr üçün elmin ən son nailiyyətlərindən istifadəyə başlandı. Yol mövzusu mədəniyyətin bir parçası kimi, ədəbiyyata, kinoya ayaq açdı. O dövrün yolları bir çox kinofilmlərimizin əsas çəkiliş məkanına çevrildi. 

 

*****

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 70-ci illərdə respublika iqtisadiyyatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər neft sənayesində, kənd təsərrüfatında və digər sahələrdə əmtəə dövriyyəsinin artmasına səbəb oldu. Bu da öz növbəsində mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsini, bərpasını və yenidən qurulmasını zərurətə çevirmişdi. Görülən tədbirlər nəticəsində tezliklə respublika yollarının uzunluğu 1.2, yük gərginliyi 1.5, hərəkətin intensivliyi isə 2 dəfə artdı. Həmin dövrdə yolların təmirinə və saxlanılmasına ayrılan vəsaitin həcmi 3.5, kapital qoyuluşu isə 2.5 dəfə çoxaldı. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollar asfalt-beton örtüyü ilə əvəzləndi.

 

*****

 

Yol təsərrüfatında yüksək göstəricilərə nail olmaq yerli sənayenin inkişafı sayəsində mümkün oldu. Artıq bölgələrdə yol inşasında istifadə olunan tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərirdi. 80-ci illərin əvvəlindən başlayaraq Bakı şəhərindən şimal və cənub istiqamətlərində birinci  dərəcəli Lökbatan, Qaradağ və Sumqayıt-Tağıyev qəsəbəsi sahəsində çıxış avtomobil yollarının tikintisi, İmişlidə Araz çayı, Zərdabda Kür çayı, Naxçıvan şəhəri yaxınlığında isə Naxçıvan çayı üzərində böyük dəmir-beton tipli körpü-keçidlər inşa olundu.

 

*****

 

Ötən əsrin 80-ci illərinin ortalarından SSRİ-də başlayan proseslər, Mixail Qarbaçovun qondarma yenidənqurma siyasəti, ölkədə konkret fəaliyyət proqramının olmaması, rabitəsiz, düşünülməmiş tədbirlərin həyata keçirilməsi, yalançı sülh təşəbbüsləri və digər problemlər ölkədə ictimai-siyasi vəziyyəti tədricən gərginləşdirdi və nəticədə SSRİ dağıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. Lakin vəziyyət həddindən artıq mürəkkəb idi. Ölkə rəhbərliyinin yarıtmaz fəaliyyəti Azərbaycanı uçuruma aparırdı, müxtəlif siyasi və silahlı birləşmələrin özbaşnalığı kuliminasiya həddinə çatmışdı. Dağlıq Qarabağda ermənilərin apardığı qanlı müharibə torpaqlarımızın işğalı ilə müşayiət olunurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə qədim Azərbaycan şəhəri Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətdilər. Bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi. İşğal olunmuş torpaqlarımızda 2670 kilometr avtomobil yolu, ümumi uzunluğu 3224 p/m olan 110 irili-xırdalı körpülər və çoxlu sayda yol texnikası düşmən tərəfindən talan edildi. Bu yolların tikintisi, təmiri və saxlanmasını təmin edən tikinti-istismar idarələri ölkənin ayrı-ayrı rayonlarında məskunlaşmaq məcburiyyətində qaldılar. Həmin dövrdə hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan istehsal potensialının üçdə ikisini itirdi, Ümumi Daxili Məhsul hər il orta hesabla 16,5 faiz azaldı. İnflyasiya ölkədə hiperinflyasiya səviyyəsinə yüksəldi, xarici ticarət dövriyyəsi 42 faiz aşağı düşdü. Respublikada avtomobil yollarının tikintisi, təmiri və saxlanması ilə bağlı heç bir iş görülmədi. Bu proses mövcud yollarda xırda təmir işlərinin aparılması ilə yekunlaşdı. Müharibədə hər şeyini itirən insanlar, sadə vətəndaşlar bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin yenidən rəhbərliyə gəlməsində görürdülər.

 

*****

 

XX əsrin sonunda qazandığımız dövlət müstəqilliyini möhkəmləndirmək missiyasını ulu öndər Heydər Əliyev uğurla başa vurdu. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə siyasi rəhbərliyə gələn Heydər Əliyev ilk növbədə cəbhədə atəşkəsə nail oldu, yeni itkilərin qarşısını aldı. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi, Azərbaycanın enerji resurslarının xaricə çıxışını təmin etdi. 1995-ci il noyabrın 12-də xalq müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk konstitusiyasına səs verdi. Bununla da Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi onun tarixini yazmağa başladı. Ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan ulu öndər bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması həllini gözləyən ən vacib məsələlərdən biridir. Bu sahədə vəziyyət tezliklə nəzarətə götürüldü. Dövlət əhəmiyyətli avtomobil yollarının siyahısında magistral yollar “M”, respublika əhəmiyyətli yollar isə “A” hərfi ilə indeksləşdirildi. QRAFİKA-Respublika üzrə dövlət əhəmiyyətli avtomobil yollarının ümumi uzunluğu 6338 kilometr, magistral yolların uzunluğu 1239 kilometr, magistral yollara aid olan giriş yollarının uzunluğu isə 315 kilometr təsdiq olundu. Avtomobil yollarının tikintisi, təmiri və saxlanması ilə məşğul olan idarə və sahələrin sayı artırıldı. Yol təsərrüfatında aparılan struktur islahatları nəticəsində fəaliyyət mexanizmi səmərəli hal aldı. Bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinə xüsusi diqqət ayıran Prezident Heydər Əliyevin fərmanı ilə “Dövlət Yol Fondunun yaradılması” və “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasının Beynəlxalq Avtomobil Marşrutlarının Avropa razılaşdırılmasına qoşulması haqqında qanunlar qüvvəyə mindi. 1998-ci ildə Prezident Heydər Əliyev Nəqliyyat Nazirliyinin yaradılması haqqında fərman imzaladı, dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdırmaq bu nazirliyə tapşırıldı. Həmin dövrdə respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu 6057 kilometr, yerli əhəmiyyətli avtomobil yollarının uzunluğu isə 16878 kilometr təşkil edirdi.

 

*****

 

1998-ci  ildə Cenevrədə yerləşən BMT-nin nəqliyyat üzrə Avropa İqtisadi Komissiyasında Azərbaycan da daxil olmaqla bütün Avropa dövlətlərinin Beynəlxalq Avtomobil Yolları Marşrutuna keçirilməsi, onlara müvafiq beynəlxalq indeks və nömrələrin verilməsi müəyyənləşdirildi. Azərbaycan avtomobil yolları bu sistemə daxil olduqdan sonra “E-70” indeksi ilə işarələndi. QRAFİKA-Bu marşrut başlanğıcını İspaniyanın La Korunya ərazisindən götürərək Bakıya kimi uzanır. La Korunya-Varna-Trabzon-Poti-Senaki-Tbilisi-Qazax-Yevlax-Qazıməmməd-Ələt-Bakı magistral yolu “E-70” indeksindədir. Avropa İqtisadi Komissiyasının iclasında Azərbaycan nümayəndələrinin “E-70” Beynəlxalq Avtomobil Yolu Marşrutunun Qara dəniz və Xəzər dənizindən başlayaraq Çin sərhədinə qədər uzadılması təklifi qəbul olundu və marşrutun keçdiyi ərazi bu cür müəyyənləşdirildi: QRAFİKA-Poti-Senaki-Tbilisi-Qazax-Yevlax-Qazıməmməd-Ələt-Bakı-Türkmənbaşı-Aşqabad-Marı-Cardjou-Buxara-Səmərqənd-Qazax-Daşkənd-Çimkənd-Cambul-Bişkek-Almatı-Xarqos-Çin sərhədi. Faktiki olaraq qədim İpək Yoluna düşən bu marşrut müasir Beynəlxalq Avtomobil Magistralı timsalında təkrarlanırdı. Artıq yeni və möhtəşəm ideyanın həyata vəsiqə almasına start verilmişdi. Bu ideyanın müəllifi isə xalqımızın ümummilli lideri Heydər Əliyev idi.

 

*****

 

Ümummilli lider Heydər Əliyev “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artdı, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrildi. Bu istiqamətdə Heydər Əliyev tərəfindən həyata keçirilən ən mühüm tədbirlərdən biri 1998-ci il sentyabrında Bakıda “Tarixi İpək yolu”nun bərpasına dair beynəlxalq konfransın keçirilməsi idi. 8 dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 42 dövlətin nümayəndələrinin iştirak etdiyi TRASECA konfransı Azərbaycanın sosial-iqtisadi inkişafında yeni tarixi mərhələ açdı. Burada imzalanan sənədlər böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edərək Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialından daha səmərəli istifadə olunması, ticarətin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün zəmin yaratdı. Ötən dövrdə ölkədə TRASEKA proqramı çərçivəsində yol infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. QRAFİKA-Dəhlizin Azərbaycan ərazisində əsas magistralı hesab edilən və uzunluğu 508 kilometr olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu birinci texniki dərəcəyə uyğun yenidən qurulub. Hazırda Transqafqaz avtomobil dəhlizinin bərpası ilə bağlı Avropa-Qafqaz-Asiya Böyük İpək Yolunun respublika ərazisindən keçən hissəsinin, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun birinci texniki dərəcəyə uyğun yenidən qurulması prosesi yekunlaşmaq üzrədir. Bu yolun Bakıdan Gəncəyədək olan 381 kilometrlik hissəsi 4 hərəkət zolaqlı olmaqla tamamilə yenidən qurulub. Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometr uzunluğunda olan hissənin də 4 zolağa genişləndirilməsi işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

Bir sözlə, Böyük İpək Yolunun bərpası çərçivəsində avtomobil nəqliyyatının inkişafı ilə bağlı görülən işlər Azərbaycan iqtisadiyyatının inkişafına, onun xarici iqtisadi əlaqələrinin artmasına və dövlət müstəqilliyimizin möhkəmlənməsinə kömək edir. Artıq Azərbaycan avtomobil nəqliyyatı ilə Avropa, Mərkəzi Asiya, eləcə də Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunu oynayır. Bu isə ölkəmizin müstəqiliyinə ulu öndərin əvəzsiz tövhəsi idi. Ümummilli lider bəyan edirdi ki, bütün uğurların təməlində yalnız və yalnız Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi dayanır.

 

*****

 

Azərbaycanda milli maraqlara cavab verən siyasi kursun davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunub saxlanması sonrakı illərdə də prioritet oldu. 2003-cü ildən Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə inkişaf prosesləri daha da sürətləndi. Müstəqillik dayaqlarının möhkəmləndirilməsi üçün səmərəli iqtisadi fəaliyyət konsepsiyası hazırlanıb həyata keçirildi. İqtisadiyyatda nəhəng artım prosesinin başlaması ölkədə inersiya qüvvəsinin də işə qoşulmasına geniş imkanlar açdı. Artıq yerlərdən yeni təşəbbüslər meydana çıxır, cəmiyyətdə tamamilə nadir yaradıcılıq ruhu yaranırdı. Belə bir ictimai canfəşanlıq daha böyük layihələrin reallaşmasına, görülən işlərin uğurla başa çatdırılmasına imkan verirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramının uğurları, ölkəyə gələn neft kapitalının sosial sahələrin dirçəldilməsinə yönəldilməsi Azərbaycanda inkişaf prosesinin dönməzliyini təmin edən başlıca qüvvə kimi çıxış edirdi. Nəticədə bölgələrlə paytaxt arasındakı inkişaf fərqi aradan qaldırılır, ölkənin siması dəyişir, qədimliklə müasirliyin gözəl koloriti yaranırdı. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması Azərbaycanı iqtisadi inkişaf baxımından ən yüksək zirvəyə aparırdı.

 

*****

 

Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastuktukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması diqqət mərkəzində saxlanıldı. Dövlət başçısı ilk növbədə diqqəti bu sahədə idarəetmənin təkmilləşdirilməsinə yönəltdi. Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bundan sonra magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, avtomobil yollarının istismarı, tikintisi və təmiri, eyni zamanda, yolların qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi dönüş yarandı. Dövlət başçısı iqtisadiyyatın inkişafında fədakar əməyi ilə seçilən yol işçilərinin fəaliyyətini yüksək qiymətləndirərək fevralın 22-sinin avtomobil yol işçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında fərman imzaladı. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı digər sərəncam isə yol təsərrüfatında mövcud problemlərin kompleks həllini, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisini və təmirini  nəzərdə tuturdu. Nazirlər Kabinetinin həmin sərəncam əsasında hazırladığı “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin 2006-2015-ci illər üzrə yeniləşdirilməsinə və inkişafına dair Dövlət Proqramı” Prezident İlham Əliyev tərəfindən imzalandıqdan sonra bu istiqamətdə işlərə başlandı.

 

*****

 

Regionların 2004-2008-ci illər sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Xocasən-Lökbatan-Yevlax-Gəncə, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədinədək avtomobil yolları yenidən quruldu. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci, həmçinin 2008-2013-cü illər üçün Tədbirlər Planlarına müvafiq olaraq  paytaxtda 26 yol qovşağı, körpü və 88 piyada keçidi tikildi.  Bakıətrafı kənd və qəsəbələrin inkişafını nəzərdə tutan tədbirlər çərçivəsində Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi dairəvi avtomobil yolu və yeraltı piyada keçidi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisinin birinci hissəsi başa çatdırıldı. Böyükşor dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dairəvi-1 avtomobil yollarının yenidən qurulması işləri aparıldı.

 

*****

 

Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamı yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə olunmalıdır. Bu Sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində 4,1 milyon nəfər əhalinin yaşadığı və 1318 yaşayış məntəqəsini birləşdirən uzunluğu 3438,2 kilometr olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri başa çatdırıldı. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 29 yeni körpü və 19 piyada keçidi tikildi. Bu qəbildən paytaxtda görülən işlərdən danışarkən Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının tikintisini də vurğulamaq lazımdır. 

 

*****

 

2015-ci ildə tarixdə ilk dəfə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqdar geniş hazırlıq prosesi başladı. Bu mərhələdə paytaxtda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması diqqət mərkəzində saxlandı. Mövcud yollarda təmir-bərpa işləri aparıldı, yeni yollar salındı. Prezident İlham Əliyevin və oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın infrastruktur, həmçinin, yolların vəziyyəti ilə bağlı verdiyi tapşırıqlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildi. Bu isə birinci Avropa Oyunlarının olimpiya oyunları standartında keçirilməsinə, Azərbaycanın idman dövləti statusunun daha da möhkəmlənməsinə geniş imkanlar açdı. Azərbaycan paytaxtının ev sahibliyi etdiyi birinci Avropa Oyunları ölkəmizin idman siyasətində yeni mərhələ oldu. 

 

*****

 

Artıq ölkəmizin sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdi. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, habelə digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdı. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin yol-nəqliyyat kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı, dövlət başçısının sərəncamı ilə Saleh Məmmədov bu quruma sədr təyin edildi. 2016-cı ildə isə Prezident İlham Əliyevin fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.

*****

 

Bu, elə bir dövr idi ki, artıq Azıərbaycan həm ölkədə daxilində, həm də regionda icra olunan bir sıra yeni transmill layihələrin təşəbbüskarı kimi çıxış edir, ölkəyə valyuta axını getdikcə sürətlənirdi. Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP, TAP, Cənubi Qafqaz boru kəmərinin çəkilməsində aparıcı rol oynayan ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin də reallaşdırılmasına başlamışdı. Bu sırada Şimal-Cənib və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması və Azərbaycanın bu dəhlizlərdə aparıcı ölkə statusu alması ilə bağlı görülən işləri qeyd etmək lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin sürətləndirilməsi də diqqət mərkəzində saxlanılırdı. Bununla yanaşı, ölkəmizin nəqliyyat sisteminin inkişafına kompleks şəkildə yanaşan dövlət başçısının təşəbbüsü ilə yeni beynəlxalq aeraportların yaradılmasına, Bakıda Xəzərin ən böyük dəniz ticarət limanı olan Ələt Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına, paytaxtda nəhəng Gəmiqayırma zavodunun inşasına nail olundu,  Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirildi.

 

*****

 

Azərbaycan müşahidə olunan güclü sosial-iqtisadi inkişaf ölkəmizin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına da güclü təkan verdi. Ölkədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirildi, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldildi. Görülən tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırıldı, beynəlxalq standartlara uyğunlaşdırıldı, yol qovşaqları, körpülər tikilib təmir edildi və digər modernləşdirmə işləri aparıldı. Bütün bu işlərin icrası isə yol-nəqliyyat sahəsində müasir tələblərə uyğun islahatların davam etdirilməsini zərurətə çevirdi. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı fərmanla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması, Saleh Məmmədovun isə Agentliyin İdarə Heyətinin sədri təyin edilməsi bu islahatların tərkib hissəsi idi. Digər tərəfdən avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, həyata keçirilən işlərin səmərəliliyini artırmaq qərara alındı. Qarşıda yol, körpü tikintisində keyfiyyətin yüksəldilməsi, layihə işlərinin yaxşılaşdırılması, tikinti işlərinin yüksək sürətlə başa çatdırılmasına dair tapşırıqlar qoyuldu.

 

*****

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə məşğul olan publik hüquqi şəxsdir. Onun fəaliyyət dairəsinə avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması, onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi də daxildir. QRAFİKA-Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və paytaxtın 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir. 2015-ci ildən Dünya Yol Federasiyası, Avropa Yol Assosiasiyası və Avropa Yol Birliyinin üzvü olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı peşı bayramı münasibətilə yol-nəqliyyat işçilərinin əməyinin qiymətləndirilməsi, onların yüksək dövlət təltifləri, orden, medal və fəxri adlarla təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarəetmə, məqsəd və layihələr, məsləhət və nəzarət, informasiya sistemlərinin yüksək səviyyədə təşkili və istifadə edilməsinə görə “Möhtəşəm 5 Qitə” beynəlxalq mükafatına, ölkədə yol infrastrukturunun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" milli mükafatına, Yol infrastrukturunun yenidən qurulması və inkişafı sahəsində ilin şirkəti seçilib, “Caspian Energy Award” mükafatına layiq görülüb. Azərbaycanla Dünya Bankı arasında inkişafa dair əməkdaşlığın 25 illiyi münasibətilə ölkədə yol şəbəkəsinin və infrastrukturunun yüksək inkişafı üzrə göstərilən töhfələrə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Magistral Yol Proqramı sertifikatı” ilə təltif edilib. Bu mükafatlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini səylə çalışmağa, ölkəmizin iqtisadi inkişafına tövhə verməyə daha da ruhlandırıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində agentliyin maddi-texniki bazası gücləndirilib. Almaniyadan alınmış Lintex-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılıb, Agentliyin Bakı şəhərindəki Qış Təsərrüfatı Sahəsi də  yenidən qurularaq istifadəyə verilib. Bundan başqa maddi-texniki bazanın gücləndirilməsi çərçivəsində 351 maşın, mexanizm və avadanlıqlar alınıb. Həmçinin avtomobil yollarının təhkim zolağında geniş yaşıllaşdırmaq işləri görülüb. Ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq agentlik üzrə 2300 yeni iş yeri yaradılıb. Bu iş yerlərinə əksəriyyəti məcburi köçkün olan vətəndaşlar qəbul edilib, onların məşğulluğunun təmin olunması istiqamətində əhəmiyyətli addım atılıb. Bununla da ölkəmizin yol təsərrüfatının inkişafında əhəmiyyətli nəticələr qazanılıb. Bunu beynəlxalq reytinq agenliklərinin hesabatları da təsdiqləyir. Belə ki, Dünya İqtisadi Forumunun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan 2017-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 137 ölkəsi arasında 36-cı yerdə qərarlaşıb.

 

*****

 

2016-cı il Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikanın avtomobil yollarının  inkişafı  istiqamətində çox mühüm layihələrin icra olunması ilə əlamətdardır. Belə ki, il ərzində ümumi istifadədə olan uzunluğu 880 kilometrlik avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikildi,  yenidən quruldu və təmir olundu, avtomobil yollarında 14 yeni avtomobil körpüsü tikildi, 8-i isə təmir edildi. Dövlət başçısının birbaşa göstərişi ilə kəndlərarası, habelə Bakı şəhəri və qəsəbələrdəki avtomobil yollarının inşası və yenidən qurulması 2016-cı ildən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edildi. Bu çərçivədə 2016-cı ildə 700 mindən çox əhalinin yaşadığı və 159 yaşayış məntəqəsini birləşdirən uzunluğu 472,5 kilometr olan 21 kəndlərarası avtomobil yolu tikildi. Bakı şəhərində 513 mindən çox əhalinin yaşadığı və 14 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası avtomobil yolunun inşası və yenidən qurulması başa çatdırıldı.

 

2016-cı ildə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsi açıldı. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan rayonun ərazisindən keçən 23,4 kilometrlik hissəsi istifadəyə verildi. Çoxdan gözlənilən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün açılışı oldu. Bundan əlavə, uzunluğu 87,8 kilometr olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi istismara buraxıldı. 

 

*****

 

2017-ci il də paytaxtda və regionlarda yol layihələrinin uğurlu icrası ilə əlamətdardır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında paytaxtın Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə aparılan işlərin tam icra edilməsi və kəndlərarası 40 avtomobil yolu layihəsinin həyata keçirilməsi məsələləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında mühüm tapşırıq kimi qoyuldu.

 

Paytaxtın inkişafı ilə bağlı dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq keçmişdə “Sovetski” adlanan ərazidə söküntü işlərinin aparılması, burada yeni, müasir yol qovşaqlarının tikilməsi qərara alındı. Hələ sovet dövründən həllini gözləyən bu mürəkkəb və irimiqyaslı layihə məhz Prezident İlham Əliyevin tarixi xidmətləri, yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə həllini tapdı. Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin Baş planının icrasının təmin olunması, habelə şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşlışadırlması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə “Sovetski”dəki yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər  boyu qəzalı, yarımuçuq evlərdə yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Köçürülən evlərin sökülməsi, ərazinin təmizlənməsindən sonra başlanan infrastruktur layihələrinin icrası nəticəsində ilkin mərhələdə 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda, asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırıldı. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndirildi, həm də geniş piyada səkiləri inşa edildi. Yenidən qurulan yollarda mühəndis-kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətləri dəyişdirilərək müasir tələblər səviyyəsində quruldu. İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi layihəyə uyğun olaraq başa çatdırıldı. Bu layihədə ilk dəfə olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bütün yeraltı kommunikasiyaların tikintisini öz gücü ilə yerinə yetirdi.

 

2017-ci ildə 40 kənd yolu layihəsinin icrası çərçivəsində mühüm işlər görüldü. Regionların sosial-iqtisadi inkişafında mühüm amil olan bu layihənin icrasının kənd yollarının tikintisinə və yenidən qurulmasına yönəldilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Layihəyə çərçivəsində respublikanın 34 rayonunda 1 milyon 400 min nəfər əhalinin yaşadığı 423 yaşayış məntəqəsini birləşdirən 52 kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, həmçinin 14 respublika əhəmiyyətli layihənin icrası uğurla başa çatdırıldı.

 

2017-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə icra olunan layihələr sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yolun çəkilməsi də müstəsna əhəmiyyətə malikdir. Qəhraman ordumuzun şücaəti sayəsində 2016-cı ilin aprelində Ağdarə, Füzuli və Cəbrayıl rayonlarının 2 min hektardan çox ərazisinin işğaldan azad olunması nəticəsində Cocuq Mərcanlı kəndində yaşayışın təhlükəsizliyi bərpa edildi. Kəndə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən yol boyu uğurla yenidənqurma işləri aparıldı  və Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu.

 

Dövlət başçısının tapşırığı ilə Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun 64 kilomterlik hissəsinin bərpası işləri də 2017-ci ildə başa çatdırıldı. Bununla yanaşı, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun uzunluğu 16,5 kilometrlik hissəsi istifadəyə verildi. Pirallahı qəsəbəsini sahillə birləşdirən və uzunluğu 422 metr olan yeni körpünün açılışı oldu. Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin 8,6 kilometrliyi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad və 22,2 kilometrlik Lənkəran-Masallı hissələri də istismara buraxıldı. Bundan əlavə, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 46 kilometrlik Cəngi-Bədəlli hissəsi, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun təməl qoyulma mərasimi də 2017-ci ilin mühüm hadisələri sırasındadır. Ümimilikdə 2017-ci ildə uzunluğu 1335,1 kilometr olan avtomobil yolları, Bakı və ətraf qəsəbələrin bir sıra avtomobil yolları, prospekt və küçələr tikildi, yenidən quruldu və ya təmir olundu. Yollarda 13 piyada keçidi  və 15 yeni körpünün inşası, 9 körpünün isə təmir həyata keçirildi. 

 

*****

 

Dövlət başçısı qarşıya növbəti mərhələdə 600 kəndi birləşdirəcək 2000 kilometrdən çox avtomobil yolunun çəkilməsi ilə bağlı məsuliyyətli tapşırıq qoydu. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 452,1 kilometr olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə  uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1534,9 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması qərara alındı.

 

Artıq 2018-ci ilin 9 ayında dövlət başçısının imzaladığı sərəncamlara əsasən 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon nəfər əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu sırada Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26 kilometrlik Aran-Qarağacı və 12 kilometrlik Qarağacı-Bəhramtəpə hissələrinin, həmçinin, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrliyini əhatə edən Xaçmaz-Xudat hissəsinin açılışlarını qeyd etmək olar. Uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun yenidən qurulması, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun uzunluğu 24,8 kilometr olan Salyan-Şorsulu hissənin çəkilməsi 2018-ci ilin hadisələri sırasındadır. Bundan əlavə, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun uzunluğu 30,1 kilometr olan Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrinin tikintisinin başa çatdırılması da 2018-ci ildə baş tutub. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. (

 

Prezident İlham Əliyev 2018-ci ildə 22 kilometrlik Quba-Xaçmaz avtomobil yolunun açılış mərasimində də iştirak edib, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun tikintisi layihəsi ilə tanış olub. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolun H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan hissəsi 1b texniki dərəcəyə uyğun inşa edilir. (tarixləri yazın) Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdıracaq, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, yük və sərnişin daşımalarında əsas rol oynayacaq, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

 

*****

 

Yol infrastrukturunun yenilənməsi ilə bağlı son illərdə görülən işlərə nəzər salanda görürük ki, birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu hazırda 900 kilometrə çatır. Baxmayaraq ki, bu göstərici 2015-ci ildə 461 kilometr təşkil edirdi. Yol infrastrukturunun ölkə iqtisadiyyatının vacib sahələrindən biri olduğunu deyən Prezident İlham Əliyev 2016-2018-ci illərdə 77 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, bununla da ölkə vətəndaşlarının sosial problemlərinin həllində həlledici tədbirlər görüb, onların gündəlik həyatını asanlaşdırmaq yolunda əhəmiyyətli addımlar atıb.

 

Hazırda Azərbaycanda yol infrastrukturunun tamamilə yenidən qurulması, müasirləşdirilməsi və bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etdirilir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yolları, yolayrıcıları və körpülər inşa olunur. Bu prosesin təsiri regionlarımızın inkişafında özünü göstərir, rayonların siması dəyişir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması Azərbaycanın ümumi inkişafının mühüm elementləri kimi çıxış edir. Ən maraqlı nüans ondan ibarətdir ki, bütün bu layihələr dünyanı bürümüş iqtisadi böhran fonunda icra olunur, Azərbaycanın iqtisadi modelinin uğurlarını nümayiş etdirir.

 

*****

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub. Bunu son 15 ildə ölkə üzrə çəkilən 15 min kilometr uzunluğunda yolların keyfiyyətindən də görmək olur. Bu yollar bir çox sahələrin inkişafına təkan verir, hər bir kənd və qəsəbəni ümumi inkişaf prosesinin bir hissəsinə çevirir. Təsadüfi deyil ki, indi ölkədə turizmin inkişafına müsbət təsri göstərən yeni və müasir yollar ucqar dağ kəndlərinə - Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, Şamaxının Dəmirçi kəndinə uzanır, bu yerlərə xarici qonaqların gəlməsinə geniş imkanlar açır, Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə xidmət edir. İndi yüksək keyfiyyətlə tikilən bu yollar cənub mirvarisi Lənkəranın, Qusarın Şahdağ Qış-Yay Turizm Kompleksinin, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaranın iqtisadi potensialını artırır, bölgələrimizin sürətli inkişafını şərtləndirir.

 

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”. Bu sözləri ilə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini vurğulayan dövlət başçısı öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir.  Bu yollar həm də ölkəmizi daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini təmin edir. Bütün bunlar isə yalnız müstəqilliyin verdiyi imkanlar sayəsində mümkün olub. Son illərdə özünün iqtisadi, siyasi, hərbi və digər sahələrdə təhlükəsizliyini təmin edən Azərbaycanda həyata keçirilən layihələr ölkəmizi daha da gücləndirir və bir həqiqəti gündəmə gətirir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin